"Ələt postu"nda son durum: Rüşvət verən SÜRÜCÜLƏR - VİDEO

Yol polisi / Manşet23-03-2020, 22:50 33 688 dəfə oxunub
"Ələt postu"nda son durum: Rüşvət verən SÜRÜCÜLƏR - VİDEO

Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 19 mart saat 00:00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş məhdudlaşdırılıb. Artıq bu qərarın tətbiqinin 5-ci günüdür. Bu 5 gün ərzində minlərlə avtomobil geri qaytarılıb. Qərarın tətbiqindən bir neçə gün öncə bu haqda vətəndaşlar KİV ilə yetərincə məlumatlandırılsalarda qurulmuş yoxlama-buraxılma məntəqələrinə hələ də bölgələrdə yaşayan vətəndaşlar tərəfindən axın müşahidə olunur. 

YPX.AZ komandası Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla birlikdə Bakı Salyan yolunun 65-ci kilometrliyində yerləşən yoxlama-buraxılma məntəqəsində olub, hazırki vəziyyətlə tanış olaraq çəkiliş aparıb və polkovnikdən vəziyyətlə bağlı müsahibə alıb.

Polkovnik Vaqif Əsədov müsahibə zamanı bildirib ki:

“Hal-hazırda Bakı-Salyan yolunun 65-ci kilometrliyində xidmət aparırıq. Məlumat üçün bildirirəm ki, polis gücləndirilmiş iş saatı ilə xidmətini davam edir. Və məlum qərarın icrası ilə əlaqəli yoxlama-buraxılma məntəqələrində tərəfimizdən nəzarət gücləndirilib. Qeyd etməliyəm ki, çox sayda Bakı istiqamətində rayon qeydiyyatında olanların getmək istəyinin şahidi oluruq, müxtəlif variantlardan istifadə etməklə, məsələn, təcili tibbi yardım avtomobilində, yük avtomobilində və digər vasitələrlə Bakı istiqamətində getmək istəyənlər var ki, onlar da tərəfimizdən aşkarlanır. Hazırda bu istiqamətdə hərəkət edən sürücü və sərnişinlərin qarşılıqlı razılaşma yolu ilə yoxlama-buraxılma məntəqəsindən kənardan vətəndaşların getməsinin şahidi oluruq ki, bu da bizim işimizə nisbətən əngəl törədir. Artıq həmin ərazilər də tərəfimizdən nəzarətə götürülüb və yoxlama məsələləri tərəfimizdən çox ciddi aparılır. Eyni zamanda yük avtomobillərinin sərbəst, vaxt itirmədən hərəkət etməsi üçün şərait yaradılıb, ayrıca zolaq üzrə yük avtomobilləri bu ərazidən dayanmadan keçirlər.”

Məntəqələrə yaxınlaşan hərəkət iştirakçıları müxtəlif üsullarla yoxlanışdan yayınmağa cəhd göstəriblər. 

Bəzi sürücülər polislərə təqdim etdikləri sənədlər arasına müəyyən miqdar pul qoyaraq bu pulun müqabilində yoxlanmadan keçmək istəsələr də, bəziləri isə yoxlama-buraxılma məntəqələrinə bir neçə dəfə yaxınlaşaraq keçməkdə qərarlı olublar.

Təbii ki, polis inspektorları öz vəzifələrini icra edərkən ayıq-sayıq olublar və tam məsuliyyətlə xidmətlərini yerinə yetiriblər. Qeydiyyatda olduqları yerlərdən, yəni bölgələrdəki qurumlardan aldıqları aidiyyatı olmayan sənədlərlə, idarə etdiyi minik avtomobilini yük avtomobili kimi təqdim edərək məntəqələrdəki yoxlamalardan keçməyə çalışan vətəndaşlar da az olmayıb.

Əlbətdə ki, qanun hamı üçündür və kiməsə zəng etməklə, yük daşıyan nəqliyyat vasitələrində sərnişin olaraq əyləşməklə bu qanunlardan yayınmaq mümkün deyil. Polis inspektorları, qışqıraraq danışan, onları aldadaraq vaxtlarını alan vətandaşlara qarşı təmkinli davranaraq icra etdikləri vəzifəni maksimum məsuliyyətlə yerinə yetiriblər.

Girişə qoyulan məhdudiyyəti təqdir edən və bunun hər kəsin xeyrinə olduğunu söyləyən sürücülərin bu yanaşması xidmət aparan polis işçilərinin gün ərzində gərgin iş rejimi zamanı onlarda ruh yüksəkliyinin yaranmasına da öz töhfəsini verir.

Vəziyyətdən narazı olan, özü rayon qeydiyyatı olduğu halda həyat yoldaşı şəhər qeydiyyatında olan sürücülər də olub ki, hazırki qanun hər kəsin xeyrinə olaraq nəzərdə tutulsada bu və bunun kimi başqa hallarla üzləşən vətəndaşlar da çıxılmaz vəziyyətdə qalıblar.

Ümid edirik ki, bu çətin günlərin öhdəsindən birlikdə, birlik olaraq və bir-birimizi anlayaraq gələcəyik. Hər kəsi səbrli olmağa, qanunlara maksimum dərəcədə əməl etməyə səsləyirik. Biz birlikdə güclüyük.