Saxta nömrə ilə xuliqanlıq edib qəza törədən sürücü həbs edildi - VİDEO

Yol polisi / Manşet4-06-2020, 13:13 6 666 dəfə oxunub
Saxta nömrə ilə xuliqanlıq edib qəza törədən sürücü həbs edildi - VİDEO

Dünən günorta saatlarında Nobel prospektində “VAZ” və “Mercedes” markalı avtomobillərin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə və KİV-də paylaşılmışdı. 

Artıq hadisənin təfərrüatları da məlumdu.

Belə ki, Nobel prospekti, Asan xidmətin qarşısında hərəkətin əksi istiqamətində yüksək sürət ilə hərəkət edən “VAZ 2107” markalı avtomobil öz yolu ilə hərəkət edən “Mercedes” markalı avtomobil ilə toqquşub.

Bununla əlaqədar YPX.AZ Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat əldə edib.

Polkovnik Vaqif Əsədovun bildirdiyinə görə, dünən təxminən saat 14:00 radələrində paytaxtın Xətai rayonu ərazisində xidmət aparan yol polisi əməkdaşları “VAZ 2107” markalı avtomobilin ön dövlət qeydiyyat nişanı olmadığı üçün ona saxlama işarəsi verib. Sürücü “saxla” əmrinə tabe olmaq əvəzinə sürətini artıraraq hadisə yerindən yayınmağa çalışıb. 

Beləliklə, yol polisi əməkdaşları nəqliyyat vasitəsinin arxa hissəsində olan 90 LL 062 dövlət qeydiyyat nişanını mərkəzi baza sistemində yoxlayarkən, qeydiyyat nişanının avtomobilə aid olmadığı aşkar edilib.

“VAZ” markalı avtomobilin üzərində olan dövlət qeydiyyat nişanının “Kia” markalı avtomobilə aid olması müəyyən edilib.

Saxta dövlət qeydiyyat nişanı ilə hərəkət edən və kobud qayda pozuntusuna yol verərək yol polisi əməkdaşlarının “saxla” əmrinə tabe olmayan sürücünün saxlatdırılması və müvafiq araşdırılmaların aparılması zərurəti yaranıb.

Bu səbəbdən paytaxtın Xətai rayon ərazisi üzrə Afiyyəddin Cəlilov, Sabit Orucov, İzzət Orucova, Nəcəfqulu Rəfiyev küçələri və Nobel prospektində həmin avtomobilin saxlatdırılmasına çalışılsa da hərəkətin əksi istiqamətlərində və yüksək sürətlə hərəkət edən sürücü qaçmağa müvəffəq olub.

Lakin yüksək sürətlə və hərəkətin əksi istiqamətində hərəkət edən “VAZ” digər nəqliyyat vasitəsi ilə toqquşub. 

Toqquşmadan sonra avtomobildən enərək qaçmaq istəyən sürücü, polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan sürücünün 1987-ci il təvəllüdlü, hal-hazırda Xətai rayonu Aşıq Qurbanov küçəsində qeydiyyatda olan İsmayılov Elvin Habil oğlu olduğu müəyyən edilib.

İ. Elvin barəsində tərtib edilmiş protokollar toplanaraq aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bundan başqa sürücünün 2014 - 2016-cı illərdə cinayət məcəlləsinin 221.1-ci yəni xuliqanlıq maddəsi ilə həbs edildiyi də müəyyən edilib. 

Məhkəmənin qərarı ilə İ. Elvin 30 gün müddətə inzibati qaydada həbs edilib və bir il müddətinə sürücülük hüququndan məhrum edilib.